UNEC-in baş müəllimi Aynur Rzayevanın “İçərişəhərdə” fərdi sərgisi keçirilib

  • 03 noyabr 2025
  • 22

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Zeytun Festivalı keçirilib.

Festival çərçivəsində UNEC Dizayn Məktəbinin “Dizayn” kafedrasının baş müəllimi, f.ü.f.d Aynur Rzayevanın fərdi sərgisi açılıb. Festival iştirakçılarının böyük marağına səbəb olan sərgidə müəllifin 20-dən çox rəsm əsəri, həmçinin yaylıq və keramika üzərində işlənmiş incə əl işləri nümayiş etdirilib.

Aynur Rzayevanın əsərləri öz rəng dərinliyi, milli ruhu və emosional təsir gücü ilə ziyarətçilərin diqqətini cəlb edib. Rəssamın fırçasında Azərbaycanın qədim milli ornamentləri, təbiətin zəngin rəng palitrası və su ünsürünün poetik təcəssümü xüsusi yer tutub. Onun yaradıcılığında milli motivlər müasir dizayn baxışı ilə vəhdət təşkil edərək həm nostalji, həm də estetik zövq yaradıb.