Çinli doktorant: UNEC mənim həyatımda yeni bir səhifə açdı

  • 05 noyabr 2025
  • 16

Çin vətəndaşı olan Ting Li UNEC-də doktorantura təhsili alır.

O, Hökümətlərarası təqaüd proqramı çərçivəsində UNEC-də təhsil almaq hüququ qazanıb. Doktorantura üzrə 2-ci kursda oxuyan Ting Li UNEC-dəki təhsili və ölkəmiz haqqında təəssüratlarını UNEC News-la bölüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış videomüsahibəni oxuculara təqdim edirik:

- Mənim adım Ting Li-dir, Çindənəm. Hazırda UNEC-də Dünya İqtisadiyyatı üzrə doktorantura təhsili alıram. Artıq ikinci kursa keçmişəm. UNEC-ə Hökumətlərarası mübadilə proqramı ilə gəlmişəm və bu imkanı yaratdığı üçün həm Çin, həm də Azərbaycan hökumətinə dərin təşəkkürümü bildirirəm. Bu proqram mənə yeni mədəniyyətləri tanımaq, yeni dostlar qazanmaq və dünyaya daha geniş baxışla yanaşmaq şansı verib.

Mən bakalavr pilləsini öz ölkəmdə, Çində “Business English” ixtisası üzrə almışam. Sonra UNEC-də MBA proqramı üzrə UNEC Biznes Məktəbində “Maliyyə” ixtisası üzrə təhsilimi davam etdirdim. UNEC-dəki təhsil mühiti mənə o qədər xoş təsir bağışladı ki, doktorantura təhsilimi də burada davam etdirmək qərarına gəldim. Hazırda Dünya İqtisadiyyatı sahəsini daha dərindən öyrənirəm və UNEC bu istiqamətdə mənə geniş imkanlar yaradır.

UNEC-də tələbələr üçün çox gözəl şərait var. Buradakı 24/7 kitabxana ilə ilk dəfə magistratura dövründə tanış olmuşdum. Xüsusilə COVID-19 zamanı çox vaxtımı orada keçirirdim. Həmin dövrdə çətinliklər çox olsa da, azərbaycanlıların səmimiyyəti və mehribanlığı məni həqiqətən təsirləndirdi. Onların qonaqpərvərliyi sayəsində özümü yad ölkədə deyil, öz evimdəki kimi hiss etdim.

Burada təhsil almaq həm rahatdır, həm də motivasiyaedici. Müəllimlərim və elmi rəhbərim hər zaman yanımda olub, məni dəstəkləyiblər. Tələbə yoldaşlarım da çox mehribandır, bir-birimizlə çox yaxşı anlaşırıq və çətinlikləri birlikdə həll edirik. UNEC-də oxumaq mənim üçün yalnız akademik deyil, həm də şəxsi inkişaf yoludur.

Azərbaycanın ən çox xoşuma gələn tərəflərindən biri onun ənənəvi, eyni zamanda açıq və tolerant mühitidir. Buradakı insanlar səmimi, mehriban və sadədir. Bu ölkədə çinli tələbələrə qarşı çox isti münasibət var və bu, bizə özümüzü təhlükəsiz və dəyərli hiss etdirir.

Çin və Azərbaycan təhsil sistemləri arasında bəzi fərqlər var. Çində əhali çox olduğu üçün yaxşı universitetə qəbul olmaq çox rəqabətlidir və ciddi hazırlaşmaq lazımdır. Azərbaycanda isə təhsil prosesi daha rahat və çevikdir. Bu, mənə özüməinam və tədris materiallarını daha dərindən anlamaq imkanı verir.

UNEC-də təhsil almaq mənim üçün böyük bir xoşbəxtlikdir. Bu universitet iqtisadiyyat sahəsində güclü baza və beynəlxalq səviyyədə dərin bilik qazandırır. İqtisadiyyat üzrə təhsil almaq istəyən tələbələrə UNEC-i ürəkdən tövsiyə edirəm.

Gələcəkdə doktorantura təhsilimi tamamlayıb Çinə qayıtmağı planlaşdırıram. Orada tələbələrə dərs demək, həmçinin Azərbaycanda qazandığım təcrübə və bilikləri onlarla paylaşmaq istəyirəm. UNEC mənim həyatımda yeni bir səhifə açdı və bu təcrübə mənim üçün hər zaman dəyərli olacaq.