Nərgiz Hacıyeva gənc siyasi alim, İsveçrə Fəxri Federal təqaüdçüsü, UNEC-in gənc doktorantı, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Elmi fəaliyyətin təşkili və idarəedilməsi” departamentinin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiridir. O, eyni zamanda, UNEC Xanım Tədqiqatçılar Şurasına rəhbərlik edir.
Nərgiz Hacıyeva St.Qallen Universitetinin Siyasi elmlər və iqtisadiyyat məktəbində “İşğal dönəmində Qarabağ və ətraf rayonlarda qanunsuz idxal və ixrac prosesinin iqtisadi və hüquqi qiymətləndirilməsi” ətrafında doktorantura tədqiqatını tamamlamışdır. İlk azərbaycanlı qadın siyasi tədqiqatçı kimi Bern Universiteti İsveçrə siyasi elmlər assosiasiyasının Empirik Tədqiqatlar işçi qrupunun direktoru vəzifəsini də icra edir. Eyni zamanda, 2023-cü ilin fevral ayında Bazel Universitetində təşkil olunacaq beynəlxalq elmi konfransın təşkilat komitəsinin icraçı üzvüdür.
2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi, UNEC Beynəlxalq İqtisadiyyat məktəbində ingilis dilində Sosiologiya və Politologiya fənləri üzrə müəllim vəzifələrində çalışmışdır. Hazırda Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin “Elmi fəaliyyətin təşkili” şöbəsinin müdiri vəzifəsini icra edir. Nərgiz İsveçrə Sürix Universitetinin Siyasi elmlər departamentinin “Democracy NET” gənc alimlər şəbəkəsinin Azərbaycan üzrə fəxri üzvü və gənc tədqiqatçı alimidir.
2016-cı ildə Macarıstanın Korvinus Universiteti Budapeştin nəzdində fəaliyyət göstərən Soyuq Müharibə Siyasi Tədqiqatları İnstitutunda siyasi tədqiqatçı, 2017-ci ildə isə Çexiya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən tanınmış Praqa Beynəlxalq münasibətlər institutunda müstəqil diplomatik tədqiqatçı olaraq “Rusiya-Türkiyə enerji münasibətlərində yeni dövrün başlanğıçı: rəqabətdən əməkdaşlığa”, “Azərbaycanın enerji diplomatiyası və Avropa İttifaqı” adlı mövzula üzərində tədqiqat aparmışdır. 2018-ci ildə Avropa İttifaqı tərəfindən “Aİ Şərq qonşuları proqramı” üzrə “Gənc Avropa Səfiri” seçilmişdir.
Avropa İttifaqının Şərq Qonşuları Siyasəti Proqramının qadınlar və məktəbli qızları elmə və biliyə sövq etmək üçün başlatdığı “qadınlar və məktəbli qızlar STEM-də” layihələrində yaxından iştirak edir. Avropanın bir çox tanınmış universitetlərində, Mikolas Romeris Universiteti, Avropa Humanitar Universiteti, Vytautas Magnus Universiteti, Vilnus Universiteti, Siegen Universiteti, Korvinus Universiteti, Varşava Universiteti, Kazimierski Vielki Universiteti, Kozminski Universiteti, Lozanna Universiteti, St. Qallen Universiteti, Sürix Universiteti, Malaqa Universteti və Azərbaycan universitetlərində qonaq məruzəçi kimi seminarlar təşkil etmişdir.