Hafis  Hacıyev  Əhməd

Hafis Hacıyev Əhməd

Maliyyə və mühasibat fakültəsinin dekanı

Avesis linki
hafiz_hajiyev@unec.edu.az
Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)
+(994) 12 492-60-68
+(994) 12 492-59-03 (12-05)
24 dekabr 1975-ci ildə Tbilisi şəhərində anadan olmuşdur.

Orta təhsilini 1982-1992-ci illərdə Bakı şəhəri Xətai rayonu İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbdə almışdır.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna (hazırda Universitet) qəbul olunmuş və 1997-ci ildə həmin İnstitutun “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
15 may 2006-cı il tarixində “Kəndli-fermer təsərrüfatlarında mühasibat uçotunun və istehsalın səmərəliliyinin təhlilinin təkmilləşdirilməsi” mövzusunda 08.00.12 – “Mühasibat uçotu, statistika” ixtisası üzrə namizədlik dissertasiyanı müdafiə etmiş və Azərbaycan Republikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 dekabr 2006-cı il tarixli (protokol N 35-k) qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

Universiteti bitirdikdən sonra “Mühasibat uçotu və audit” kafedrasında laborant vəzifəsində saxlanılmış və 1998-ci ilin sentyabr ayında böyuk laborant vəzifəsinə keçirilmişdir.

2002-ci ilin fevral ayında həmin kafedranın müəllimi vəzifəsinə təyin edilmiş və 2008-ci ilin iyun ayında isə baş müəllim vəzifəsinə keçirilmişdir. 15 fevral 2012-ci il tarixindən “Mühasibat uçotu” kafedrasının dosenti, 25 yanvar 2016-cı il tarixindən isə “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifəsində çalışmışdır.

16 avqust 2021-ci il tarixində “Mühasibat uçotu və audit” kafedrasının (hazırda “Maliyyə və audit” kafedrası) 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsində saxlanılmaqla “Maliyyə və mühasibat” fakultəsinin dekanı vəzifəsinə təyin edilmişdir.

Seçkilərin nəticələrini nəzərə alaraq 31 mart 2023-cü il tarixində UNEC Rektorunun müvafiq əmri ilə “Maliyyə və mühasibat” fakültəsinin dekan vəzifəsinə təyin edilmişdir.

İqtisadiyyatın müxtəlif aktual problemlərinə, o cümlədən mühasibat uçotu, audit və iqtisadi təhlilə həsr edilmiş 108 elmi və tədris-metodiki əsəri (həcmi – 104,44 c.v.) dərs edilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə, yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin 25 noyabr 2020-ci il tarixli F-519 saylı Əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işcisi” doş nişanı ilə təltif edilmişdir.

Yüksəkixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

2006-cı ilin sentyabr ayından Amerika Birləşmiş Ştatlarının Daxili Auditorlar İnstitutunun üzvüdür. 2011-ci ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Milli Mühasibat Uçotu Standartlarına keçid mövzusunda təlim kurslarını uğurla bitirmiş və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının sertifikatına və İngiltərənin Maliyyə Mühasibləri İnstitutunun (İFA) diplomuna layiq görülmüşdür. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatının (PMS) sahibidir.

TƏDRİS ETDİYİ
DİLLƏR: Azərbaycan, rus və ingilis
TƏDQİQAT SAHƏLƏRİ: Maliyyə uçotu, maliyyə hesabatlılığı, maliyyə menecmenti, menecment mühasibatlığı, audit, vergilər

Ailəlidir, iki övladı var.